Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş idman jurnalistləri arasında intellektual yarış keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxetdinova, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Azər Məmmədov və titullu taekvondoçumuz Fəridə Əzizova çıxış edərək iştirakçılara uğurlar arzulayıb, idman mediasının ictimaiyyətin maarifləndirilməsində və idman dəyərlərinin təbliğində mühüm rolunu vurğulayıblar.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, şəhid jurnalistlərin və vaxtsız dünyasını dəyişmiş media nümayəndələrinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışda şəhid jurnalistlərin və vaxtsız dünyasını dəyişmiş media nümayəndələrinin adlarını daşıyan komandalar antidopinq, Azərbaycan idmanı və Olimpiya hərəkatının tarixi ilə bağlı hazırlanmış sualları cavablandırıblar.
Ən çox xal toplayan Çingiz Mustafayev komandası yarışın qalibi olub. Müxtəlif nominasiyalar üzrə də qaliblər müəyyənləşib. Qalib və mükafatçılara xatirə hədiyyələri təqdim olunub. Tədbirdən media nümayəndələri xoş təəssüratlarla ayrılıblar.