05 iyun 2025-ci il tarixində Portuqaliyanın paytaxtı Lissabon şəhərində Avropa İttifaqının Narkotiklər üzrə Agentliyinin (EUDA) təşkilatçılığı ilə 2025-ci il üzrə hesabat konfransı keçirilib. Canlı yayımlanan konfransa Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları EUDA-nın dəvətinə əsasən, onlayn qaydada qoşulublar. Tədbirdə “Trendlər və irəliləyişlər” adlı illik hesabatın 30-cu buraxılışı təqdim olunub.
Hesabatda 29 Avropa ölkəsindən əldə olunmuş məlumatlara əsasən, qeyri-qanuni narkotik istifadəsi, onun zərərləri, narkotik təmin etmə, ixtisaslaşmış müalicə və zərərin azaldılması istiqamətləri üzrə göstəricilər təqdim edilib.
Təqdimat zamanı Nitazen kimi yüksək təsir gücünə malik sintetik opioidlərin meydana çıxması, 419 ton kokainin və 37 ton sintetik katinonun müsadirə edilməsi, son illər kannabisin THC tərkibinin artması əsas mövzulardan olub. Tədbirdə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin rolu və sübutlara əsaslanan yanaşmaların vacibliyi xüsusi vurğulanıb.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı yerli dövlət qurumları ilə daim əməkdaşlıq edən AMADA-nın bu konfransa dəvət edilməsi agentliyin beynəlxalq miqyasda da narkotik vasitələrin sui-istifadəsi və idmanda dopinqlə mübarizə fəaliyyətinə sadiqliyinin növbəti göstəricisidir.