AZENG
30 Aprel 2025

AMADA-nın maarifləndirmə təbliğatının növbəti dayanacağı Füzuli rayonu olub

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş avarçəkmə üzrə “Prezident Kuboku–2025” beynəlxalq reqatası çərçivəsində Füzuli rayonunda yeni salınmış şəhərciyə köç edən sakinlər üçün xüsusi tədbir keçirilib. Köndələnçay su anbarı ətrafında baş tutan tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) antidopinq maarifləndirmə proqramı ilə çıxış edib.

Proqramın əsas məqsədi dopinqin zərərləri, antidopinq qaydaları, idmanda sağlam və ədalətli mühitin qorunması istiqamətində məlumatlılığın artırılması olub. AMADA-nın mütəxəssisləri iştirakçılara dopinqdən istifadənin yaratdığı fiziki, psixoloji və sosial fəsadlar barədə geniş məlumat veriblər. Qeyd olunub ki, dopinqdən istifadə idmançının sağlamlığını ciddi təhlükə altına qoyur və bəzən qarşısıalınmaz fəsadlara səbəb olur. Bundan əlavə, dopinq idmanda ədalətsiz rəqabətə, nəticələrin saxtalaşdırılmasına və idmanın mənəvi prinsiplərinin pozulmasına yol açır.

Maarifləndirmə proqramında iştirakçılar antidopinq qayda pozuntuları, qadağan edilmiş maddələr, dopinqdən istifadənin idmançının karyerasına mənfi təsirləri və narkomaniyanın fəsadları barədə geniş məlumatlandırılıblar. 

Proqram çərçivəsində iştirakçılar üçün sorğular da təşkil olunub. Sorğular vasitəsilə iştirakçılar antidopinq qaydaları ilə bağlı biliklərini sınayıb və düzgün cavab verənlərə xatirə hədiyyələri təqdim edilib. 

Böyük maraqla qarşılanan AMADA-nın stendini yerli idman ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana da ziyarət edib.

Sağlam idman mühiti yalnız fiziki hazırlıqla yanaşı, eyni zamanda mənəvi və etik dəyərlərə sadiqliklə formalaşır. Dopinqə qarşı mübarizə yalnız dövlət qurumlarının və federasiyaların deyil, bütün cəmiyyətin ortaq məsuliyyəti olaraq dəyərləndirilməlidir. Təmiz idman prinsiplərinə sadiqlik idmanın gələcəyini təmin edən əsas sütunlardan biridir.

// JavaScript to handle gallery functionality