AZENG
10 İyun 2021

İdman qidalarının idxalına və satışına nəzarət gücləndiriləcək.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), Səhiyyə Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) arasında ölkədə idman qidaları, bioloji fəallığa malik qida əlavələrinin dövriyyəsi və istifadəsi ilə bağlı nəzarət mexanizmlərinin gücləndirilməsinə həsr edilmiş görüş keçirilmişdir

AMADA və Səhiyyə Nazirliyinin birgə təşəbbüsü ilə keçirilən görüşdə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin, QidaTəhlükəsizliyi Agentliyinin və AMADA nümayəndələri iştirak etmişdir. Görüşdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev bioloji fəallığa malik qida əlavələrinin nəzarətsiz istifadəsinin insan orqanizminə vura biləcəyi zərər və təhlükələr haqqında məlumat verərək məsələnin aktuallığına diqqət çəkmişdir. AMADA-nın direktoru Şəfəq Hüseynli bioloji fəallığa malik qida əlavələrinin tərkibinə xüsusi nəzarət sisteminin yaradılmasının vacibliyini bildirmiş, bunun təmiz idman dəyərlərinin və idmançıların sağlamlığının qorunması baxımından da əhəmiyyətli olduğunu qeyd etmişdir. AQTA-nın aparat rəhbəri Elxan Mikayılov isə bu cür maddələrin daxili istehsalına nəzarətin gücləndirilməsinin vacibliyinə diqqət çəkmişdir.

Görüşdə həmçinin bioloji fəallığa malik qida əlavələrinin, qeydiyyatı, ölkəyə idxalı, keyfiyyətə nəzarət mexanizmləri və pərakəndə satışı ilə bağlı mövcud vəziyyət, habelə effektiv nəzarət mexanizminin formalaşması üçün qanunvericiliyin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur. Bioloji fəallığa malik qida əlavələrinin idxalı və satışına nəzarəti gücləndirmək üçün monitorinq və inspeksiya tədbirlərinin həyata keçirilməsinin vacibliyi vurğulanmışdır.